İquananın dişlədiyi kiçik qız nadir infeksiyaya yoluxdu - alimlər araşdırma aparır 

09:15 04.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kosta-Rikada ailəsi ilə tətildə olan kiçik qız iquana tərəfindən dişləndikdən sonra müəmmalı infeksiyaya yoluxub.

Hafta.az-ın "The Guardian"a istinadən yazdığına görə, hazırda 4 yaşlı Lena Marsın başına gələnlər 15-18 aprel tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək 33-cü Avropa Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresində nümayiş etdiriləcək təqdimatda izah ediləcək.
Təqdimatı hazırlayan tibbi mikrobioloq Cordan Kit Mah, 2022-ci ilin mart ayında baş verən hadisədə Marsın çimərlikdə oturarkən tort yediyini söyləyib. Bu zaman peyda olan iquana tortu oğurlamaq üçün uşağın sol orta barmağını dişləyib və deserti götürüb qaçıb.

Kosta-Rikada yayılmış iquanaların adətən meyvə və yarpaq yeyən, günəş vannası qəbul edən ot yeyən heyvanlar olduğu bilinir.

Bölgədəki klinikaya aparılan Mars dezinfeksiya edilib və ona amoksisillin adlı antibiotik verilib. Bundan sonra qızın barmağındakı yara sağalıb. Lakin 5 aydan sonra ailə uşağın barmağında sikkə böyüklüyündə şişin olduğunu görüb. Mars şişin ağrı vermədiyini desə də, valideynləri uşağı başqa həkimə aparıb.

Yara yerini ultrasəslə araşdıran həkimlər bunun qanqlion kistası ola biləcəyini düşünüblər. Bilək kisti olaraq da bilinən qanqlion kisti, oynaq və ya tendon üzərində əmələ gələn maye kisəsidir.
Lakin şiş böyüyəndə və Mars əlinin ağrımağa başladığını bildirdikdə ailə ortopedə müraciət edib. Həkim 2022-ci ilin noyabrında 2 santimetrlik kütləni çıxararaq müayinəyə göndərib. Təhlillər nəticəsində məlum olub ki, Marsın "Mycobacterium marinum" adlı bakteriyaya yoluxub.
"Mycobacterium marinum", şirin su və dəniz balıqlarını yoluxdurduğu bilinən bir orqanizmdir. Bu, insanlarda vərəmə səbəb olan "Mycobacterium tuberculosis" bakteriyası ilə sıx əlaqəli olsa da, insanlarda xəstəlik törətmir.

Mars daha sonra rifampin və klaritromisin adlı antibiotiklərlə müalicə olunub.

Mars ailəsi uşağın hələ də sağalma prosesində olduğunu bildirib: "Qızımız Lena yenicə 4 yaşını qeyd edib. Noyabrda keçirdiyi əməliyyatdan sonra hələ də sağalır. Yara yenicə bağlanır. Lena dişləməni xatırlayır və bakteriyaların iquanadan gəldiyini bilir. O, yəqin ki, bu hadisəni heç vaxt unutmayacaq. Ümid edirik ki, bir gün baş verənlərə güləcəyik".

Tibbi mikrobioloq Mah deyib ki, vərəm olmayan mikobakteriyalar təbiətdə kifayət qədər geniş yayılıb: "Bəziləri bu kimi dəri və yumşaq toxuma infeksiyalarına səbəb ola bilər. Bu cür infeksiyaların müalicəsinin adətən uzun sürür. Deməli, Mars yaxşı vəziyyətdədir. Yüzdə yüz yaxşı olduğunu deyə bilmərəm, amma başlanğıcda olduğundan çox daha yaxşıdır".

Təqdimatı şərh edən tibbi mikrobioloq David Turner qeyd edib ki, istiridyə açarkən kəsiklər oxşar infeksiyaya səbəb ola bilər: "Bu sürünənin dişləməsindən sonra yaranan infeksiya haqqında heç eşitməmişdim. Sürünənlər salmonella da daxil olmaqla, bəzi yüksək zəhərli orqanizmləri daşıyırlar. Bu səbəbdən sürünənlərlə rəftar etdikdən sonra həmişə əllərin yuyulması tövsiyə olunur".